Neftçala rayonunda “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib
22 sentyabr 2022 | 08:33
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2022-ci il üçün tərtib edilmiş İş Planına uyğun olaraq Rayonun Aşağı Surra kəndində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, həmçinin müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə ilk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışçılar bu gün ümumbəşəri bəlaya çevrilmiş narkomanlıqla mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramları, həmçinin müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində Dövlət siyasətindən ətraflı bəhs ediblər. Komissiya üzvləri tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi edilib. Həyata keçirilən təbliğat, maarifləndirmə işlərinin əhəmiyyəti xüsusi vurğulanaraq bu sahədə əldə edilən uğurlu nəticələr nümunə göstərilib. Tədbir iştirakçılarının ümumi qənaəti ondan ibarət olmuşdur ki, ayrı-ayrı dövlət strukturları, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri birgə mübarizə aparmaqla ümumbəşəri bəlanın yayılmasının və kütləvi hal almasının qarşısını almaq mümkündür. Tədbirdə “ağ ölüm”ün dəhşətli tərəflərini əks etdirən video roliklər nümayiş etdirilmişdir.