Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Müstəqilliyimizin 107-ci ildönümü qeyd olunub

29 may 2025 | 11:33

28 may 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Müstəqilliyimizin 107-ci ildönümü münasibətilə dəyirmi masa  təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak edib.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin tarixində mühüm hadisə olması ilə yanaşı ictimai-siyasi proseslərə təsir edən vacib amillərdən olduğunu diqqətə çatdırdı və bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Tədbirdə məruzə ilə çıxış edənlər- tarixçi-araşdırmaçı Firdovsi Tağıyev və "Gündoğar" rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva Azərbaycan xalqını milli müstəqilliyə aparan yolun nə qədər keşməkeşli, əzab-əziyyətli olmasını, hər bir azərbaycanlının müstəqil dövlət quruculuğu tarixi ilə qürur duyduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da müstəqillik ideallarına qovuşmuşdur. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşımış, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev qətiyyətli və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət kimi daha da möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna, ölkəmizin suverenliyinin təmin olunmasına nail olub.

Sonda tədbir iştirakçıları tərəfindən Müstəqilliyimizə həsr olunan sənədli film izlənilib.

Keçidlər