Neftçala rayonunda Milli Mətbuat günü qeyd olunub
Neftçala Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və Neftçala rayon “Gündoğar” qəzetinin birgə təşkilatçılığı ilə Milli mətbuatımızın yaranmasının 148-ci il dönümü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Milli Mətbuat tariximiz” mövzusunda dəyirmi masada görüş keçirilib.
Görüşdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhu ehtiramla yad edilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun təbriki oxunub və mətbuat işçilərinə uğurlar arzu edilib.
Azərbaycanda Millli Mətbuat Günü iyulun 22 -də, 148 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri "Əkinçi" qəzetinin buraxıldığı gün qeyd edilir.
Azərbaycanda insan hüquqları, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılması müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib, bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş yayılmasına şərait yaradıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Görüş iştirakçıları Neftçala rayon “Gündoğar” qəzetinin redaksiyasında yeni hazırlanan “Gündoğar”ın yaddaşında yaşayanlar” xatirə guşəsinə baxış keçiriblər.
Bütün mətbuat işçilərini peşə bayramları münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından təbrik edirik və işlərində uğurlar arzulayırıq.