Neftçala rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr "Zəfər Günü"nün 5-ci ildönümünə həsr edilmiş atletika idman növü üzrə rayon turniri keçirilib
24 oktyabr 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr "Zəfər Günü"nün 5-ci ildönümünə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif oğlan şagirdləri arasında atletika (60 metr məsafəyə qaçış, yerindən uzununa tullanma, turnikdə dartınma) idman növü üzrə rayon turniri keçirilib.
Turnirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev, Neftçala Rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, sektorun digər əməkdaşları, iştirakçı məktəblərin fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak edib.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər idmançıları salamlayaraq, “Konstitusiya və Suverenlik İli” və Vətən Müharibəsində əldə edilmiş tarixi Zəfər barədə ətraflı məlumat verib, tədbirin əhəmiyyətini diqqətə çatdırıblar.
Çıxışçılar bu gün ölkəmizdə və rayonumuzda idmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar.
30 nəfərin qatıldığı turnirdə üç istiqamətin hər biri üzrə I, II, III və həvəsləndirici yerlərə layiq görülən şagirdlər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən müvafiq diplom və medallarla təltif olunub.
Turnirin qaliblərini təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.







