Neftçala rayonunda kompleks mülki müdafiə təliminə hazırlıq iclası keçirilib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “2025-ci il üçün mülki müdafiə tədbirləri Planı”nın 1-ci bəndinə və Neftçala Rayon İcra Hakimiyyətinin 2025-ci il üçün mülki müdafiə tədbirləri planına və Rayon İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi Sərəncama əsasən cari ilin 24–26 sentyabr tarixlərində Neftçala rayonunda keçiriləcək kompleks mülki müdafiə təliminə hazırlıq məqsədilə iclas təşkil olunub.
Təlim “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunu əhatə edəcəkdir.
Hazırlıq iclasında Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Muğan-Salyan Regional Fövqəladə Hallar Mərkəzinin nümayəndələri, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də yerli inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
İclas zamanı təlimin məqsədi və əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bu cür tədbirlərin əsas məqsədi fövqəladə hallara hazırlığın gücləndirilməsi, əhalinin mülki müdafiə sahəsində maarifləndirilməsi, idarə və təşkilat rəhbərlərinin, eləcə də yerli özünüidarəetmə orqanlarının müvafiq bilik və bacarıqlarının artırılmasıdır.
Vurğulanıb ki, ölkəmizdə bütün sahələr üzrə dinamik və davamlı inkişaf müşahidə olunsa da, təbii fəlakətlər və beynəlxalq səviyyəli münaqişələr istənilən anda baş verə bilər. Bu baxımdan mülki müdafiə sisteminin fəaliyyəti daim nəzarətdə saxlanılmalı, operativ və peşəkar şəkildə fəaliyyət göstərməsi təmin edilməlidir.
İclasın yekununda təlimin keçiriləcəyi əraziyə baxış keçirilib, nəzərdə tutulan fəaliyyətlərin icra vəziyyəti qiymətləndirilib və hazırlıq tədbirlərinin gedişatı müzakirə olunub.







