Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın növbəti iclası keçirilib

22 iyul 2026 | 16:51

İyunun 22-də Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın Neftçala rayonunda icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargahın növbəti iclası keçirilib.

İclasda çıxış edən Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, Dövlət Proqramının icrası və beş il ərzində  rayonun sosial-iqtisadi inkişafı, Neftçala rayonu üzrə 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planının hazırlanması ilə bağlı qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib. O vurğulayıb ki, rayon ərazisində əlavə əkin torpaq sahələrinin araşdırılması, suvarılmayan ərazilərin müəyyən edilməsi, əkinə yararlı torpaq sahələrində istifadə vəziyyətinin öyrənilməsi, xırda, pərakəndə torpaq sahələrinin dəqiqləşdirilməsi, xərcləri azaltmaq, gəlirləri artırmaq məqsədilə fərdi təsərrüfatçılardan ibarət kənd təsərrüfatı kooperativlərinin yaradılması, suvarılan ərazilərdə mövcud problemlərin təhlil olunması, müasir suvarma sistemlərinin tətbiq edilməsi, emal və istehsalat sahələrinin inkişaf etdirilməsi  ilə əlaqədar yerli sahibkarlıq subyektlərinə dəstək göstərilməsi, pambıq, intensiv bağçılıq və digər sahələr üzrə tətbiq olunan dövlət güzəştləri barədə sahibkarların maarifləndirilməsi, rayonun balıqçılıq və akvakultura sahəsi üzrə potensialının öyrənilməsi, təhlil olunması, məhsul istehsalının artırılması ilə bağlı maarifləndirici və dəstək tədbirlərinin həyata keçirilməsi, heyvandarlıq sahəsi üzrə statistik rəqəmlərin təhlil olunması, heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi Qərargah üzvlərinin qarşısında qoyulan əsas prioritet istiqamətlərdir.

 İclasda iştirak edən Qərargah üzvlərinin iş planının hazırlanması ilə bağlı fikir və tövsiyələr müzakirə olunub, Qərargahın rəhbəri, Rayon İcra Hakimiyyətinin başçısı Mİrhəsən Seyidovun verdiyi tapşırıq və tövsiyələr barədə görülmüş işlər dinlənilib.

Qərargah üzvləri, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Miradil Əhmədli, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı  idarəsinin rəisi Təbriz Eyyubov, fermerlər Namiq Bağırov, Mürsəl Qəfərov çıxış edərək Dövlət Proqramının icrası ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin, aqrar sahədə emal və istehsalın təşkilinin, su ehtiyatlarının səmərəli idarə olunmasının, müasir suvarma sistemlərinin tətbiq edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

İclasın yekununda Dövlət Proqramının icrası  ilə bağlı Neftçala rayonu üzrə 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planının hazırlanması istiqamətində verilmiş tapşırıqlar üzrə zəruri tədbirlərin vaxtında icra olunması bir daha Qərargah üzvlərinin diqqətinə çatdırılıb.

Keçidlər