Neftçala rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın iclası keçirilib
İyunun 20-də Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın Neftçala rayonunda icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargahın rayonun suvarma infrastrukturunda mövcud vəziyyətin düzgün qiymətləndirilməsi, suvarma suyundan və mövcud suvarma və təsərrüfatdaxili suvarma şəbəkələrindən səmərəli istifadənin təmin edilməsi məqsədilə Qərargahın üzvlərinin, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin, Sudan İstifadə Edənlər Birliklərinin rəhbərlərinin, məsul şəxslərin iştirakı ilə iclası keçirildi.
Tədbirdə çıxış edən Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışından irəli gələn tapşırıqlar, Dövlət Proqramının icrası ilə bağlı qarşıya qoyulan hədəflər Qərargahın əsas fəaliyyət istiqamətidir. O qeyd edib ki, rayonun suvarma potensialı aqrar sahədə böyük inkişaf imkanlarına malikdir və bu potensialdan səmərəli istifadə olunması bilavasitə Qərargahın qarşısında duran əsas vəzifələrdən biridir. Su itkilərinin azaldılması, yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə müasir suvarma sistemlərinin tətbiqi, sudan qənaətli və səmərəli istifadə, su mənbələrindən götürülən və əkin sahələrinə verilən suyun düzgün tənzimlənməsi aqrar sahədə məhsuldarlığın artmasına, dayanıqlı kənd təsərrüfatının inkişafına çoxşaxəli müsbət təsirlər göstərir.
Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Təbriz Eyyubov rayonda suvarma sistemlərinin mövcud vəziyyətindən, suvarma suyundan səmərəli istifadə ilə bağlı görülən işlərdən və müasir suvarma texnologiyalarının tətbiqinin suvarma suyuna qənaət baxımından əhəmiyyətindən danışıb. Rayonun illik su limitinə əsasən becəriləcək kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan su sifarişinin formalaşdırılması və suyun verilməsinin bu sifarişə uyğun həyata keçirilməsinə Sudan İstifadə Edənlər Birliklərinin rəhbərləri tərəfindən nəzarətin gücləndirilməsi qarşıya qoyulan əsas tapşırıqlardan biri kimi diqqətə çatdırılıb.
Dövlət Proqramının Neftçala rayonunda icrası ilə əlaqədar Qərargah tərəfindən rayon ərazisində suvarılmayan ərazilərin müəyyən edilərək suvarmaya cəlb edilməsi, əkinə yararlı torpaq sahələrinin su təminatının, suvarılan ərazilərdə mövcud suvarma sisteminin təhlil olunması, balıqçılıq və akvakulturanın inkişafı məqsədilə zəruri su təminatının, müasir suvarma sistemi tətbiq ediləcəyi təsərrüfatların öyrənilməsi ilə bağlı Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin, Sudan İstifadə Edənlər Birliklərinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.







