Neftçala rayonunda "Heydər Əmanəti Neftçala" adlı görüş keçirilib
"Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun və Neftçala Peşə Məktəbi PHŞ-nin birgə təkilatçılığı ilə Neftçala Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 30 may 1979-cu ildə Neftçala rayonuna etdiyi tarixi səfərə həsr olunmuş “Heydər Əmanəti Neftçala” adlı tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri və fəalları, Neftçala Peşə Məktəbi PHŞ-nin tələbələri, rayonda təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan bir qrup gənclər iştirak edib.
1979-cu il 30 may tarixində Ulu Öndərin Neftçala rayonuna tarixi səfərini, həyat və fəaliyyətini əks etdirən sərgiyə və muzeyə baxış keçirilib.
İlk öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının məsul əməkdaşı Sona Mirzəyeva, Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Şövkət Əliyeva, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi Ruhid Cəfərli çıxış edərək bildiriblər ki, 30 May 1979-cu il Neftçala rayonunun tarixində xüsusi iz qoyan, unudulmaz günlərdən biridir. Ulu Öndər Heydər Əliyevin Neftçalaya tarixi səfərindən illər keçsə də, həmin günün rəngarəng xatirələri, rayonda yaratdığı böyük ruh yüksəkliyi hələ də qəlblərdə yaşayır. 1973-cü ilin aprel ayında Heydər Əliyevin təşəbbüsü ilə Neftçalanın rayon statusu özünə qaytarıldı. Bu hadisə Neftçalanın şəhərsalma və memarlıq tarixində yeni bir eranın, intibah dövrünün başlanğıcı idi. Yenidən müstəqil inzibati mərkəzə çevrilən Neftçalada genişmiqyaslı tikinti-abadlıq işlərinə start verildi. Yeni inzibati binalar, məktəblər, mədəniyyət ocaqları, yaşayış massivləri inşa olundu. Sənaye obyektləri bərpa edildi, küçələr yenidən quruldu. Bu gün bizim gördüyümüz, sevdiyimiz müasir Neftçalanın şəhər strukturu məhz həmin qətiyyətli addımın bəhrəsidir. Odur ki, müstəqil və abad Neftçala bizə həm də böyük Heydər Əmanətidir! Bu tarixi memarlığı və şəhərsalma irsini qorumaq hər birimizin borcudur. Bu gün bizim “Heydər Əmanəti” olaraq qoruduğumuz Neftçala onun arzularının, uzaqgörənliyinin canlı memarlıq abidəsidir. Bu tarixi görüşlər, bu unudulmaz anlar zamanın axarında heç vaxt itməyəcək. Çünki rəhbərlə xalqın bu səmimi vətən sevgisi tarixin yaddaşına əbədi bir görüş kimi həkk olunub!
Bu əmanət etibarlı əllərdədir və Neftçala hər zaman öz qurucusunun izi ilə, onun ucaltdığı körpülərlə gələcəyə doğru daha inamla addımlayacaq. Eyni zamanda, çıxışçılar qeyd edib ki, bu cür görüşlər Ulu Öndər Heydər Əliyevin siyasi irsinin gələcək nəsillərə çatdırılmasına, gənclərin şəxsi inkişafına, onların cəmiyyətə faydalı fərd kimi formalaşmasına və rayonumuzun zəngin tarixinin daha geniş şəkildə tanıdılmasına xidmət edir.
Tədbirdə “Heydər Əmanəti Neftçala” adlı videoçarx nümayiş olunub.







