Neftçala rayonunda “Gənclərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib
Dekabrın 19-da Neftçala Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan regional bölməsinin birgə təşkilatçılığı ilə Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsində “Gənclərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusuna həsr edilmiş tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsnü Həsənov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Öncə xalqımızın Umummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin gənclərin formalaşmasındakı önəmindən bəhs edilib. Məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin, dini radikalizm, erkən nikah və narkomaniyanın gənclərimizin gələcəyi üçün real təhlükə yarada biləcəyi vurğulanıb. Gənc nəslin bəşəri dəyərlərə hörmətlə yanaşmasında, mənəviyyatlı, dünyagörüşlü, vətənpərvər gənclər olaraq yetişməsində ailənin, məktəbin və ictimaiyyətin danılmaz rolu olduğu qeyd edilib. O da bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində böyük zəhməti olan gənc nəslin yetişdirilməsində məhz yuxarıda qeyd olunan amillər əsaslı rol oynayıb. Bu sahə üzrə dövlətin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən və uğurlarından da danışılıb.
Tədbirin sonunda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və gənclərlə xatirə şəkilləri çəkilib.