Neftçala rayonunda “Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində toy və yas mərasimlərində israfçılığın azaldılması və milli-mənəvi dəyərlərin qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib
Neftçala rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi,“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə “Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində toy və yas mərasimlərində israfçılığın azaldılması və milli-mənəvi dəyərlərin qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı, ,“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin və Məclisinin üzvü (2020–2022), QHT İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasının üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Akif Kərimov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, kulturoloq, publisist və siyasi icmalçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əbülfəz Babazadə, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru, İctimaiŞura.az və QerbAzerbaycanIrsi.az platformalarının yaradıcısı və rəhbəri Cəsarət Hüseynzadə, AHB TV (“Azərbaycanın Hədəfi Birlikdir”) internet televiziyasının aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Ulduz” jurnalının Redaksiya Heyətinin üzvü İlqar İlkin, Rayon Ağsaqqallar şurasının sədri və üzvləri, din xadimləri, şəhid ailələri, ziyalılar, mətbuat nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə giriş nitqi ilə açıb iştirakçıları və qonaqları salamlayaraq təqdimat aparıb, layihənin mahiyyəti barədə qısa məlumat verib və cəmiyyətdə daha sadə, humanist mərasim mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri və layihə rəhbəri Akif Kərimov çıxışında mərasimlərdə gözə çarpan həddindən artıq israfçılıq məsələsinə diqqət çəkərək, xüsusilə yas mərasimlərinin mahiyyətindən uzaqlaşdırılmamasının vacibliyini bildirib. Yas məclislərində təşkil olunan təmtəraqlı süfrələr əvəzinə sadə yanaşmanın tətbiqini vacib sayan A.Kərimov, həmin vəsaitlərin abadlıq, təhsil, yol və digər sosial infrastruktur layihələrinə yönəldilməsinin icma üçün daha faydalı olacağını qeyd edib. Şadlıq mərasimlərindəki qida israfına da toxunan layihə rəhbəri, vətəndaşları resurslardan daha qənaətlə istifadə etməyə çağırıb.
“Simurq” AMB vitse-prezidenti, kulturoloq Əbülfəz Babazadə cəmiyyətdə mənfi adətlərə qarşı yalnız təbliğatın kifayət etmədiyini, insanlarda mənəvi-mədəni immunitetin formalaşmalı olduğunu bildirib. O, toyların maddi yükə çevrilməməli olduğunu, xarici təcrübələrdən milli dəyərlərə uyğun şəkildə yararlanmağın və yaslarda təmtəraq əvəzinə ehtiyacı olanlara əl tutmağın vacibliyini diqqətə çatdırıb.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə mərasimlərdəki israfçılığın qarşısının alınmasının yalnız dövlətin deyil, bütün cəmiyyətin, ziyalıların və din xadimlərinin ortaq məsuliyyəti olduğunu vurğulayıb. O, ehsanın əleyhinə olmadıqlarını, lakin onun ziyafətə çevrilməsinin və ailələrin borca düşməsinin yolverilməzliyini, imkanlı şəxslərin sadə məclislərlə nümunə olmalı olduğunu qeyd edib.
AHB TV (“Azərbaycanın Hədəfi Birlikdir”) internet televiziyasının aparıcısı İlqar İlkin dinlə zamanla formalaşmış adətlərin fərqləndirilməsinin vacibliyini qeyd edib. O, geniş formada keçirilən yas mərasimlərində sadəliyə qayıtmağın, mərhumun ehtiyaclı ailəsinə dəstəyi ön plana çəkməyin zəruriliyini bildirib.
Çıxış edən digər ziyalılar, din xadimləri və ağsaqqallar dəbdəbəli məclislərin cəmiyyətə vurduğu maddi-mənəvi zərərlərdən söz açıblar. Onlar vurğulayıblar ki, israfçılıqla mübarizədə ilk növbədə nüfuzlu şəxslər öz keçirdikləri mərasimlərlə şəxsi nümunə göstərməlidirlər. Qeyd olunub ki, toylarda qida tullantılarının qarşısı alınmalı, yas mərasimləri isə nümayişkaranə təmtəraqdan azad edilərək ilkin mahiyyətinə — səmimiyyət, mənəvi həmrəylik və dərdi bölüşməyə qaytarılmalıdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb və xatirə fotosu çəkilib.







