Neftçala rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak edib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək ədliyyə sisteminin ölkəmizin hüquqi dövlət quruculuğunda, sabitliyin və ədalətin təmin olunmasında xüsusi rolu olduğunu qeyd edib. 107 yaşı qeyd edilən Azərbaycan Ədliyyəsinin keçdiyi şərəfli tarixi yola nəzər salsaq, fəaliyyətinin bütün dövrlərində, xüsusən müstəqilliyimizin yeni hüquqi erası hesab edilən 1995-ci ildən Ədliyyə sisteminin bu ali dəyərlərə daim sadiq qaldığının şahidi olarıq. Ədliyyə orqanlarının inkişafı, yenilənməsi və cəmiyyətdə nüfuz qazanması müasir Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə orqanlarının fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir və bu sahədə aparılan ardıcıl islahatlar və institusional yeniliklər ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Hüququn aliliyinin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi ali dəyərlərin həyata keçirilməsi məhz bu sahədə çalışan əməkdaşların peşəkarlığı və fədakarlığı nəticəsində mümkündür.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qeyd edib ki, Vətən müharibəsindəki tarixi Zəfərimizdən dərhal sonra Qarabağ regional ədliyyə idarəsi yaradılaraq azad edilən ərazilərimizdə ədliyyə fəaliyyətinin bərpası, təşkili və əlaqələndirilməsi işi onun yurisdiksiyasına aid edilir. Əhalinin hüquqi maarifləndirilməsi, xidmət mədəniyyətinin yüksəldilməsi, elektron ədliyyə sisteminin geniş tətbiqi və şəffaflığın təmin olunması istiqamətində görülən işlər regionun inkişafına və vətəndaş məmnuniyyətinə mühüm töhfə verir. Ədliyyə işçilərinin məsuliyyətli və vicdanlı fəaliyyəti cəmiyyətdə ədalətə inamın möhkəmlənməsinə xidmət edən əsas dayaqlardan biridir. Hazırda Ədliyyə sisteminin davamlı inkişafı üzrə aparılan genişmiqyaslı islahatlar mütərəqqi kadr siyasətinin həyata keçirilməsi ilə müşayiət olunur. Dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarında kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilir. Bu dövrdə imzalanan əfv fərmanı və sərəncamları, dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktları ilə on minlərlə məhkum bağışlanaraq azadlığa, ailələrinə və yaxınlarına qovuşublar. Rayon rəhbəri bütün ədliyyə əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar arzulamış, ölkəmizin hüquqi sisteminin daha da təkmilləşməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrasında yüksək nəticələr əldə edəcəklərinə inamını ifadə etmişdir.
Tədbirdə çıxış edən digər natiqlər - Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov, Dövlət Təhlükəsizlik Xidmətinin Neftçala Rayon şöbəsinin rəisi Rasim Nəsirov, Neftçala Rayon Qeydiyyat şöbəsinin müdiri Tural Qafarlı, Neftçala Rayon notariat ofisinin xüsusi notariusu Səadət Nəcəfova, Neftçala İcra və Probasiya şöbəsinin rəisi Elvin İsgəndərov Ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək qeyd ediblər ki, son illər ədliyyə sistemində aparılan yeniliklər, şəffaflıq və effektivlik istiqamətində atılan addımlar müsbət nəticələr verir. Möhtərəm Prezident İlham Əliyevin ədliyyə sahəsinə göstərdiyi diqqət və məqsədyönlü islahatların sistemin inkişafına mühüm töhfə verdiyini xüsusi olaraq vurğulayıblar.
Görüşün sonunda səmərəli fəaliyyətlərinə görə bir qrup ədliyyə orqanlarının əməkdaşlarına Neftçala Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub və ədliyyə işçiləri ilə xatirə şəkili çəkilib.







