Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22 noyabr 2024 | 18:09
Neftçala rayonunda Ədliyyə işçilərinin peşə bayramının 106 ilinin tamam olması münasibətilə ədliyyə işçiləri ilə görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Neftçala rayon Məhkəməsinin sədri və hakimi, hüquq- mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak edib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, 106 yaşı qeyd edilən Azərbaycan Ədliyyəsinin keçdiyi şərəfli tarixi yola nəzər salsaq, fəaliyyətinin bütün dövrlərində, xüsusən müstəqilliyimizin yeni hüquqi erası hesab edilən 1995-ci ildən Ədliyyə sisteminin bu ali dəyərlərə daim sadiq qaldığının şahidi olarıq. Ədliyyə orqanlarının inkişafı, yenilənməsi və cəmiyyətdə nüfuz qazanması müasir Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. RİH-in başçısı qeyd edib ki, Vətən müharibəsindəki Böyük Qələbəmizdən dərhal sonra Qarabağ regional ədliyyə idarəsi yaradılaraq azad edilən ərazilərimizdə ədliyyə fəaliyyətinin bərpası, təşkili və əlaqələndirilməsi işi onun yurisdiksiyasına aid edilir. Hazırda Ədliyyə sisteminin davamlı inkişafı üzrə aparılan genişmiqyaslı islahatlar mütərəqqi kadr siyasətinin həyata keçirilməsi ilə müşayiət olunur. Dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarında kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilir. Bu gün xalqımızın taleyi etibarlı əldədir və sabaha, gələcəyə olan inamı yüksəkdir. Respublikamızın hərtərəfli tərəqqisi, ölkə həyatının bütün sahələrində qazanılan möhtəşəm nailiyyətlər, tarixi qələbələr hər bir azərbaycanlıda yüksək iftixar hissi doğurur. Bu dövrdə imzalanan əfv fərmanı və sərəncamları, dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktları ilə on minlərlə məhkum bağışlanaraq azadlığa, ailələrinə və yaxınlarına qovuşublar. Prezident cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə imzaladığı müstəqillik dövrümüzün ən böyük əfv aktını buna misal göstərə bilərik. RİH-in başçısı ədliyyə işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib və peşə fəaliyyətlərində uğurlar arzu edib.
Çıxış edən Neftçala rayon Məhkəməsinin sədri Ceyhun Qədimov, Neftçala Rayon Qeydiyyat şöbəsinin müdiri Tural Qafarlı, Neftçala İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramin Aslanov, Neftçala İcra və Probasiya şöbəsinin probasiya üzrə böyük icra məmuru Abdulhüseynov Məzahir və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Fidan İbrahimbəyli Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğısından, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan danışıblar və ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik ediblər.
Görüşün sonunda səmərəli fəaliyyətlərinə görə bir qrup ədliyyə orqanlarının əməkdaşları Neftçala Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub və ədliyyə işçiləri ilə xatirə şəkili çəkilib.
Keçidlər