Neftçala rayonunda cüdo idman növü üzrə region birinciliyi keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində yeniyetmə oğlanlar və qızlar arasında region birinciliyi keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Rövşən Mehralıyev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, digər aidiyyəti məsul şəxslər, məşqçi müəllimlər və idmançılar iştirak edib.
Yarışdan öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Birincilikdə regionun rayon və şəhərləri üzrə fəaliyyət göstərən klubların 112 nəfər idmançısı mübarizə aparıb. Yarış cüdo üzrə Respublika dərəcəli hakim Vüsal Əliyev tərəfindən idarə olunub. Gərgin mübarizə şəraitində keçən yarışda rayonumuzu təmsil edən idmançılardan 12 nəfəri oğlan, 3 nəfəri isə qız olmaqla ümumilikdə 15 nəfər cüdoçu fəxri kürsünün müvafiq olaraq I, II və III yerlərinə layiq görülüblər. Sonda qaliblər diplom və medallarla təltif olunub.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gəncləri sağlam həyat tərzinə cəlb etməkdən və gənc idmançıların yarış təcrübəsini artırmaqdan ibarət olub.
Region birinciliyində fərqlənən bütün idmançıları təbrik edir, gələcəkdə onlara yeni-yeni uğurlar arzulayırıq.







