Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

25 iyun 2024 | 16:18
Ölkəmizdə işgüzar səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersonun rəhbərlik etdiyi nümayəndə heyəti Neftçala rayonunda "Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə baş çəkib.
Səfərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Anderson, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva, RİH-in məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə nümayəndə heyətinə müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, müəssisə əsasən Xəzər dənizinin bioloji resurslarının idarə olunması və nərəcinsli balıqların təbii mühitdə populyasiyasının bərpası üçün fəaliyyət göstərir. Əsasən nərəcinsli balıqların 4 növü - bölgə, kələmo, nərə və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğuldur.
Qeyd olunub ki, müəssisədə ümumi 4 istehsal sexi mövcuddur. Həmin sexlərdən ən böyük dairəvi hovuzlar sexidir. Burada çəkisi 1 qramdan başlayan körpə balıqların yetişdirilərək təbii mühitə buraxılması həyata keçirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20-25 min ədəd körpə balıq saxlanılır. Hazırda zavodda 100 qramdan 15 kiloqrama qədər müxtəlif yaş və növdə balıqlar var.
İnkubasiya sexində törədici balıqlar saxlanılır və onlardan alınan kürülər dairəvi hovuzlarda sürfələr şəklində böyüdülür və təbiətə buraxılışı həyata keçirilir. Belə ki, inkubasiya sürfələr bir ay yarim müddətində yemlənərək 200 qrama çatdırılır. Daha sonra onlar Kür çayı ilə Xəzər dənizinin qovuşması hissəsinin yaxınlığında suya buraxılır.
Yem sexində körpə balıqlar üçün canlı yemlər istehsal olunur. Dördüncü sex isə elektromexaniki sexdir.
Bildirilib ki, indiyə kimi "Xıllı Balıq" MMC-də 80 milyondan çox nərəcinsli balıq buraxılışı həyata keçirilib.
Daha sonra İnger Andersonun rəhbərlik etdiyi nümayəndə heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə çəkisi 200-300 qram olan çəkikimilər və nərə balıqları Kür çayının mənsəbinə buraxılıb.
Keçidlər