Neftçala rayonunda Beynəlxalq Qızlar Günü ilə əlaqədar olaraq silsilə tədbirlərin keçirilməsi davam edir
22 oktyabr 2022 | 09:10
19 dekabr 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qızların hüquqlarını və bütün dünyada qızların üzləşdiyi unikal problemləri tanımaq üçün 11 oktyabrı “Beynəlxalq Qızlar Günü” elan edərək 66/170 saylı qətnamə qəbul edib.
Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən Azərbaycanda ailələrin rifahının yüksəldilməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, xüsusilə də uşaq hüquqlarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması üzrə ciddi işlər görülür. Bununla əlaqədar olaraq Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bir sıra vacib layihələr həyata keçirilir.
“Beynəlxalq Qızlar Günü” münasibəti ilə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala şəhər 2 saylı, Neftçala şəhər 4 saylı və Həsənabad qəsəbə Körpələr evi-Uşaq bağçalarında qız uşaqlarının ailədəki və cəmiyyətdəki mövqeyinə diqqət çəkmək məqsədi ilə silsilə tədbirlər təşkil olunub.
Tədbirə başlamazdan öncə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara diqqət yönəltməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.
Bununla əlaqədar olaraq Körpələr evi-Uşaq bağçalarında qız uşaqları və onların valideyinləri ilə keçirilən görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib və qız övladlarının dəyəri, qızların səlahiyyətləndirilməsi mövzularında maarifləndirmə işi apararaq valideyinlərə tövsiyələr verilib. Qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacibdir.
Tədbir zamanı uşaqlar gələcəkdə hansı peşəni seçəcəkləri və arzuları barədə danışılıb, video-çarx izlənilib, valideyn-övlad münasibətlərini gücləndirən motivasiya edici oyunlar oynanılıb.