Neftçala rayonunda “Azərbaycanın iqtisadi inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda görüş keçirilib
02 mart 2023 | 10:11
Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanın iqtisadi inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda Neftçala rayon Statistika İdarəsinin əməkdaşları ilə növbəti ideoloji maarifləndirmə görüşü keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala rayon Statistika İdarəsinin məsul şəxsləri və idarənin kollektivi iştirak edib.
Görüş Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin, 6 fevral 2023-cü il tarixində qardaş-dost ölkə olan Türkiyə Cümhuriyyətində baş verən dəhşətli zəlzələ qurbanlarının əziz ruhu bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin, ölkəmizin parçalanmaqdan, bir dövlət olaraq məhv olmaqdan və müstəqilliyimizin yenidən itirilməsi kimi təhlükələrdən xilas olduğunu, aparılan məqsədyönlü xarici siyasət və balanslaşdırılan diplomatik münasibətlər sayəsində Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndiməsi və ölkəmizin beynəlxalq aləmdə müstəqil, qüdrətli və güclü dövlətə çevrilməsini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Görüşdə çıxış edənlər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın dirçəldilməsi, ölkəyə yeni investor axınını təmin etmək üçün imzalanan Əsrin Müqaviləsi ilə Azərbaycanın iqtisadiyyatına yeni bir nəfəsin gətirildiyini diqqətə çatdırıblar. Neftimiz müstəqil dövlət olaraq ilk dəfə dünya bazarlarına nəql edilməyə başladı və bütün bunlar Azərbaycanın dövlət gəlirlərinin artmasına, ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması ilə nəticələnməyə başladı. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələri və siyasi xətt bu gün uğurla Ölkə Başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Görüş mövzu ətrafında iştirakçıları maraqlandırılan sualların cavablandırılması və müzakirələrlə davam edib.