Neftçala rayonunda “Azərbaycan Gəncləri günü” qeyd olunub
02 fevral 2023 | 09:10
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Gənclər və İdman İdarəsinin və GİKM-in təşkilatçılığı ilə Neftçala rayonunda 2 fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə bayram tədbiri keçirilib.
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hər il 2 fevral “Azərbaycan Gəncləri Günü” kimi qeyd edilir.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-i aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və gənclər iştirak edib.
Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Ümummilli Liderin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər Gününün təsis olunmasından, əsası dahi şəxsiyyət tərəfindən qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonlarda gənclərin inkişafı üçün yaradılan şəraitdən, onlara verilən dəstəkdən və gənclərin sağlam mühitdə inkişaf etməsi üçün görülən dövlət siyasətindən danışıblar.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkədə aparılan uğurlu gənclər siyasətindən, bununla əlaqədar imzalanan fərman və sərəncamlardan, qəbul edilən Dövlət proqramlarının yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar yaratdığını bildirərək Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunduğunu vurğulayıb. Bunun əsas göstəricisi olaraq 44 Günlük Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin rəşadəti ilə 30 ilə yaxın davam edən vətən həsrətinə son qoyuldu və qələbə qazandıq.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Gənclər günü münasibəti ilə gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.
Bayram tədbiri musiqili kompozisiyalar, sual-cavab və digər əyləncəli oyunlar ilə davam edib.
Tədbirin sonunda 2022-ci il ərzində fərqlənən, fəal, uğurlar əldə edən gənclərə Fəxri Fərman, mükafat və xatirə hədiyyələri təqdim olunub.