Neftçala rayonunda “8 Noyabr – Zəfər Günü”nə həsr olunan silsilə tədbirlərin keçirilməsi davam edir
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbirdə Neftçala RİH-nin, Neftçala RMX PHŞ-in məsul şəxsləri, Neftçala RMX PHŞ-in həkimləri, Şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları və tibb işçiləri iştirak edib.
Tədbirdən öncə Neftçala RMX PHŞ inzibati binasında Ümummilli Lider Heydər Əliyevin və Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında şəhidlərin xatirəsinə həsr olunan guşələr ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsindən və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Vətən müharibəsi dövründə fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
Çıxışlarda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan 8 Noyabr Zəfərinin tarixi əhəmiyyəti, xalq-ordu birliyi və arxa cəbhədə göstərilən fədakarlıqlar vahid ideya şəklində vurğulanıb. Çıxış edənlər 44 günlük Vətən müharibəsində təkcə ön cəbhədə deyil, arxa cəbhədə — xüsusilə səhiyyə sistemində həkimlərin fədakar əməyinin və peşəkarlığının böyük rol oynadığını bildiriblər. Şəhidlərin azad olunmuş torpaqlarımızda əbədiləşən ruhuna ehtiram ifadə edilərək, dövlətin şəhid ailələri və qazilərə göstərdiyi daimi diqqət və qayğı yüksək qiymətləndirilib, şəhid valideynləri isə övladlarının qəhrəmanlığı ilə duyduqları qüruru diqqətə çatdıraraq, şəhid ailələrinə göstərilən dövlət qayğısı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin yekununda iştirakçılarla birlikdə xatirə fotosu çəkdirilib.







