Neftçala rayonunda 8 Noyabr – Zəfər Gününə hazırlıq işləri davam etdirilir
8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Neftçala rayonunda bayram tədbirlərinə hazırlıq işləri sürətlə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Bu əlamətdar günün yüksək səviyyədə qeyd edilməsi məqsədilə Neftçala şəhərinin mərkəzi küçə və meydanlarında, eləcə də rayonun qəsəbə və kəndlərində genişmiqyaslı abadlıq, səliqə-sahman və bayram tərtibatı işləri həyata keçirilir.
Hazırlıq çərçivəsində şəhərin küçə və meydanlarına Azərbaycan Respublikasının Dövlət Bayraqları, Zəfər Gününün mahiyyətini və tarixi əhəmiyyətini əks etdirən plakatlar, bannerlər və məlumatlandırıcı lövhələr yerləşdirilir. Eyni zamanda, ictimai məkanlarda bayram ovqatının yaradılması, ərazilərin daha da gözəlləşdirilməsi və sakinlər üçün xoş bayram mühitinin təmin olunması istiqamətində müvafiq işlər görülür.
Rayon ərazisində aparılan hazırlıq tədbirləri çərçivəsində Zəfər Gününün rəmzi olan üçrəngli bayrağımızın dalğalanması, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ruhunun və milli birliyimizin nümayiş etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığını, milli həmrəyliyini, dövlətimizin gücünü və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbəni təcəssüm etdirən ən əlamətdar günlərdən biridir.
Neftçala rayonunda da bu möhtəşəm tarixi Qələbənin ildönümü böyük qürur, sevinc və vətənpərvərlik ruhu ilə qeyd olunmağa hazırlanır.







