Şriftin ölçüsü :

Saytın rəngi :

​Neftçala rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

25 sentyabr 2026 | 08:18

​27 Sentyabr – Anım Günü ilə əlaqədar Neftçala rayonunda idarə, müəssisə və təşkilatların iştirakı ilə silsilə tədbirlər keçirilir.
​Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Anım tədbirlərində şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
​22 sentyabr 2026-cı il tarixdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman Sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil Sektorunun və Neftçala Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfər qapısı” adlı tədbir keçirilib. Tədbirdə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyəti, dövlət başçısının “Dəmir yumruq” siyasəti, şəhidlərin qəhrəmanlıq yolu və xalqımızın milli həmrəyliyinin rolu barədə çıxışlar dinlənilib, mövzu ilə bağlı videoçarx nümayiş olunub.
​24 sentyabr 2026-cı il tarixdə Neftçala rayon Xanoğlan Məmmədov adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə isə mədəniyyət müəssisələrində çalışan şəhid ailələrinin üzvləri, qazilər və veteranlar iştirak ediblər. Tədbir zamanı şəhid ailələrinin üzvləri doğmalarının şərəfli həyat və döyüş yolu ilə bağlı xatirələrini bölüşüb, qazilər və veteranlar Vətən müharibəsi, döyüş yoldaşları və hərbi xidmətlə bağlı təəssüratlarını diqqətə çatdırıblar.
​Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb. Eyni zamanda, Möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi yüksək diqqət, hərtərəfli qayğı və dəstək xüsusi qeyd olunub.
​Anım tədbirləri çərçivəsində şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib. Rayon ərazisində Anım Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Keçidlər