Neftçala rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Yaşıl həyat uşaqların gözü ilə” adlı tədbir keçirilib
01 iyun 2024 | 15:07
Neftçala Rayon İcra Hakimiyyətinin və İodiko Məhdud Məsuliyyətli Cəmiyyətin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Yaşıl həyat uşaqların gözü ilə” adlı tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, İodiko Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Rəşad Xəlilov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, şəhid və qazi ailələri, müəllimlər, ictimaiyyət nümayəndələri, şagirdlər və onların valideynləri iştirak ediblər.
RİH-in başçısı Mirhəsən Seyidovun, şəhid və qazi övladlarının, məktəblilərin iştirakı ilə ağac-kol tinglərinin əkilib, məktəblilərin hazırladıqları rəsm əsərlərinə, idman nömrələrinə və digər sərgilərə baxış keçirilib.
İlk öncə Ümummili Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə çıxış edən Uşaq Səfirlər Məclisinin Neftçala rayon üzrə nümayəndəsi Fidan Rəhimbəyli, Neftçala şəhəri 4 saylı tam orta məktəbin şagirdi, Respublika Fənn Olimpiadalarının coğrafiya fənni üzrə bürünc medal mükafatçısı Xavər Abdullazadə ölkəmizdə təhsilə göstərilən diqqətə, qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse- Prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini, minnətdarlıqlarını bildiriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, "Uşaqlar bizim gələcəyimizdir” - deyən Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı, dövlət- uşaq siyasəti bu gün Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. RİH-in başçısı uşaqları təbrik edib və onlara sağlam həyat, uğurlar arzulayıb.
Göstərdikləri fəallığı ilə fərqlənən bir qrup məktəblilər RİH-in başçısı tərəfindən təşəkkürnamələrlə təltif olunub.
Tədbir Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin və ümumtəhsil məktəblərinin şagirdlərinin, körpələr- evi uşaq bağçalarının azyaşlılarının hazırladıqları kompozisiyalar ilə davam edib, azyaşlılara hədiyyələr təqdim olunub, şən klounların və müxtəlif nağıl personajlarının iştirakı ilə təqdim olunan şou-proqram azyaşlıların sevincinə səbəb olub.
Rayon sakinləri və ictimaiyyət üzvləri göstərilən diqqət, qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.