Neftçala rayon məktəblərində Zəfər Günü bayram tədbirləri ilə qeyd olunur
8 Noyabr Zəfər Günü münasibətilə Neftçala rayonunun ümumtəhsil məktəblərində şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə yeniyetmə və gənclər arasında “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı maarifləndirici görüşlər davam etdirilir.
Təhsil ocaqlarında keçirilən mərasimlərdə yerli icra nümayəndələri, məktəb kollektivləri, şəhid ailələri, qazilər, müəllim heyəti və şagirdlər iştirak ediblər.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda Azərbaycanın dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan Zəfər Gününün hər bir azərbaycanlı üçün qürur mənbəyi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin rəmzi olduğu vurğulanıb. Xalq-ordu birliyinin təcəssümü olan bu tarixi qələbənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və milli yaddaşın qorunub saxlanılmasındakı müstəsna rolu diqqətə çatdırılıb.
Məktəblilərin iştirakı ilə hazırlanan bədii kompozisiyalarda Vətənə, orduya və qələbəyə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub. Həmçinin şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil edilib və Zəfər Gününə həsr olunmuş sənədli kadrlar nümayiş olunub.







