Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomanlıqla mübarizə istiqamətində növbəti maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün “Dövlət Proqramı”na müvafiq olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala Peşə Məktəbi PHŞ-də “Narkomaniyaya qarşı mübarizədə ən effektiv vasitələrdən biri antinarkotik təbliğatdır” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Maarifləndirici görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin məsul əməkdaşları, din xadimi, müəllimlər və tələbələr iştirak edib. Mövzu ətrafında Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı mübarizə üzrə Rayon Komissiyasının sədri Şaiq Məmmədov, Neftçala Rayon Polis şöbəsi rəisinin şəxsi heyət üzrə köməkçisi polis polkovnik-leytenantı Valeh Hətəmov, Neftçala şəhər Sahib-əz-Zaman məscidinin imamı Qorxmaz Paşayev, Neftçala Peşə məktəbi PHŞ-nin direktoru Taryel Yaqubov və məktəbin hüquqşünası Abdulalı Bağırov çıxış edərək, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər. Çıxışlarda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb. Xüsusilə gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürüb, müəllimlərə, məktəblilərə müəyyən tövsiyələr verilib. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yalnız müvafiq Komissiya və hüquq-mühafizə orqanlarının deyil, həm də təhsil müəssisələrinin və cəmiyyətin bütün üzvlərinin birgə səylərini tələb edən mühüm istiqamətlərdən biridir. Məlum olduğu kimi Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq gənclər arasında sağlam həyat tərzinin təşviqi, narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər, seminarlar və görüşlər təşkil olunur. Bu kimi təşəbbüslər gənclərin hüquqi və sosial məlumatlılığının artırılmasına, sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına mühüm töhfə verir.







