Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib

29 iyun 2026 | 17:17

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayon Heydər Əliyev Mərkəzində “26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı mübarizə üzrə Rayon Komissiyasında təmsil olunan idarə, müəssisə və təşkilatların məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Komissiya sədri Şaiq Məmmədov  BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələr tərəfindən 26 iyun tarixinin “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunduğunu bildirdi. Komissiya sədri 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin Konvensiyasına qoşulduğunu vurğuladı. Qeyd olundu ki, Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Daha sonra çıxış edən digər natiqlər narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü sadəcə bir təqvim günü deyil, bəşəriyyətin gələcəyini təhdid edən "ağ ölüm"ə qarşı qlobal bir haray və qətiyyətli mübarizə rəmzidir. Bildirilib ki, Narkomaniya hazırda bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir və ona qarşı mübarizədə ən effektli mübarizə metodlarından biri preventiv (qabaqlayıcı) maarifləndirmədir. Maarifləndirmə tədbirləri cəmiyyətin gələcək sağlamlığının sığortasıdır və bununla əlaqədar yeni forma və metodlardan, həmçinin digər vasitələrdən istifadə etməklə yerlərdə, xüsusilə də təhsil müəssisələrində keçirilən tədbirlərin intensivliyi daha da artırılmalı, əhatəliliyi genişləndirilməlidir. Vurğulanıb ki, narkomaniyaya qarşı mübarizə təkcə dövlətin və ya hüquq-mühafizə orqanlarının işi deyil, bu hər bir vətəndaşın, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir, narkomaniyaya qarşı hamılıqla mübarizə aparılmalı, onu yaradan və genişlənməsinə təkan verən bütün halların qarşısı alınmalı, cəmiyyətimizi, xüsusilə də gələcəyimiz olan gənclərimizi, böyüməkdə olan nəsli bu bəladan qorumalıyıq. Tədbirdə mövzu ilə bağlı müxtəlif təkliflər verilib, müzakirələr aparılıb, həmçinin iştirakçıların sualları cavablandırılıb.

 

Keçidlər