Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yeniqışlaq kəndinin sakinləri ilə səyyar görüş keçirib
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Yeniqışlaq kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxış edənlər “COP 29-un ölkəmizdə keçirilməsinin siyasi- tarixi əhəmiyəti” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. COP29-un ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili"də keçirilməsi Azərbaycanın ekologiya sahəsində qazandığı uğurların göstəricisi və ölkəmizin dünyada söz haqqına sahib olması, dünya dövlətlərinin Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq ölkəmizə inamının göstəricisi olması haqqında iştirakçılara geniş məlumat veriblər.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, ölkəmizdə COP29-un təşkilində yüksək peşəkarlıq, qonaqpərvərlik nümayiş etdirməklə özünün növbəti uğuruna imza atdı. Dünyanı Bakıya toplayan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası başlayandan hər ötən gün ölkəmizin beynəlxalq nüfuzunu artıran mühüm hadisələrlə yadda qalır. COP29-a 196 ölkədən 75 mindən artıq iştirakçının qatılması, onların arasında 80 ölkənin prezidentinin, vitse-prezidentinin və baş nazirinin yer alması Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətinin göstəricisidir. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
RİH-in başçısı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Xalq və dövlət birliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu və xalqımız bir daha sübut etdiki öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.
Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar kənddaxili yolların təmir olunması, Haqverdili kəndinin elektrik təsərrüfatının yenilənməsi, mavi yanacağın verilməsi, ödəniş terminallarının quraşdırılması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.