Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Beştalı kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
14 iyul 2022 | 09:38
Neftçala Rayon İcra Hakimiyyətinin başçısının rayonun yaşayış məntəqələrindəki sayca 19-cu vətəndaşların səyyar qəbulu Beştalı kəndində keçirilib. ⠀
Səyyar görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Neftçala rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin hələ Sovet dövründə Azərbaycan SSR-nin rəhbərliyinə gəlməsi ilə birlikdə Azərbaycanda milli-mənəvi oyanışın başlamasından və onun müstəqil Azərbaycan dövlətçiliyinin təməllərinin atılması uğrunda gördüyü müdrik və uzaqgörən işlərdən danışıb, Heydər Əliyevin siyasi dühasının və yorulmaz iradəsinin sonda Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasındakı misilsiz rolunu diqqətə çatdırıblar.
Görüşdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycanın rəhbəri olduğu 1969-cu ili Azərbaycan tarixində yeni dövrün başlanğıcı adlandırıb, bununla da, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsinin qoyulduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Bu bünovrə üzərində qurulan yeni müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin təkrar hakimiyyət qayıdışı ilə çətin sınaqlardan üzüağ çıxdığını, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycanın regionun söz sahibi ölkəsinə çevrildiyini vurğulayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında sıx yumruq kimi birləşən Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı işğaldan azad etməsi, Qarabağda və Şərqi Zəngəzurda qısa zamanda görülmüş böyük bərpa-quruculuq işləri barədə görüş istirakçılarını məlumatlandırıb. Həmçinin, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, xüsusilə də, Cəngan kənd İnzibati Ərazi Dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işlər barəsində kənd sakinlərinə ətraflı məlumat verib.
Səyyar qəbulda əsasən elektrik dirəklərinin və xətlərinin yenilənməsi, transformatorların ayrıclarla təmin olunması, pay torpaqlarının sərhədlərinin müəyyən edilməsi, fermerlər üçün yeni örüş sahələrinin ayrılması və digər məsələlər haqqında təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar sonda aparılan abadlıq quruculuq, yenidənqurma işlərinə, xüsusən də, kəndin qazlaşdırılmasına və ümumilikdə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.