Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Xoltəzəkənd kənd sakinləri ilə səyyar görüş keçirib

12 sentyabr 2024 | 11:23

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Xoltəzəkənd kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər  “Ölkə təhsilinə göstərilən dövlət qayğısı parlaq gələcəyin təminatıdır”   mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, təhsil ocaqlarında aparılan yenidənqurma işlərindən və gənclərimiz üçün yaradılan şəraitdən danışıblar.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki,  Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülən strategiya dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Müəyyənləşdirilən hədəflərə nail olunması istiqamətində əldə olunan uğurlarda dövlətin qayğısı əsas rol oynayır. Təhsilə ümumi inkişafın tərkib hissəsi kimi yanaşan Ulu Öndər Heydər Əliyev deyirdi: “Təhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdir”. Bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. RİH-in başçısı Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi Azərbaycan təhsil sisteminə yeni bir canlanma gətirib. 30 ildən artıq bir zamanda Qarabağ həsrəti çəkən soydaşlarımız artıq öz doğma Qarabağ Universitetində təhsil alacaqlar və çox sevindirici haldır ki, bu il Qarabağ Universitetinə qəbul olan məzunlardan 6 nəfəri Neftçala rayonunun ümumtəhsil müəssisələrinin məzunudur.

Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar yeni çəkilən yolda yol nişanlarının quraşdırılması, əkin sahələrinin suvarılmasında növbəlilik qrafikinə əməl olunması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2023-cü il tarixli Xanməmmədli- Qaçaqkənd- Qırmızıkənd- Xol Qarabucaq- Xəzər avtomobil yolunun tikintisi ilə əlaqədar Sərəncamına, göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər