Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Pirəbbə kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Pirəbbə kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxış edənlər “Milli Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin xilas günüdür” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında geniş məlumat veriblər.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəni vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi, xalqı yenidən vahid məfkurə ətrafında birləşdirdi. Azərbaycan özünün geosiyasi imkanlarını genişləndirərək beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsindən sovuşdu. Görkəmli dövlət xadimi çox qısa müddətdə elə bir strategiya və diplomatiya ərsəyə gətirdi ki, hətta Azərbaycanın bədxahları da onun dühası, uzaqgörən siyasəti qarşısında aciz qaldıqlarını etiraf etdilər. Həmin strategiya ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrildi. “Əsrin müqaviləsi” adlandırılan müqavilə ilə demək olar ki, dünyanın bütün qütbləri vahid ünvanda birləşdi. Ümummilli Lider dünya şirkətləri ilə möhtəşəm neft sazişini imzalamaqla həm Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaratdı, həm dövlət müstəqilliyinin əbədiləşdirilməsinə nail oldu. RİH-in başçısı bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurlu davam etdirdiyini diqqətə çatıdırb. Prezident cənab İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun 2024-cü il tarixində təməli qoyulan 315 mkvt gücündə Neftçala Günəş elektrik stansiyası haqqında görüş iştirakçılarını geniş məlumatlandırıb.
Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.
Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar kənddaxili yolların təmir olunması, qaz xəttinin yerinin dəyişdirilməsinə köməklik, həyətyani sahəsinin suvarılması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.