Neftçala Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulunu Astanlı kəndinin sakinləri ilə keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Astanlı kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı məlumat verib.
Çıxış edən natiqlər “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirilir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların rifah halının yüksəldilməsi və sosial təminat sisteminin daha da təkmilləşdirilməsi istiqamətində ardıcıl, məqsədyönlü və genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi sosial siyasətin əsasını insan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi, aztəminatlı ailələrin dəstəklənməsi və əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi təşkil edir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin, pensiyaçıların, əlilliyi olan şəxslərin, şəhid ailələrinin, müharibə veteranlarının və digər həssas əhali qruplarının sosial təminatının yüksəldilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu siyasətin fundamental əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilib və onun rəhbərliyi ilə ölkəmizdə güclü sosial müdafiə sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyev hər zaman insan amilini, vətəndaşların sosial rifahını və layiqli həyat şəraitinin təmin edilməsini dövlət siyasətinin başlıca məqsədlərindən biri hesab edib. Onun müəllifi olduğu 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunub.
RİH-in başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun olaraq ardıcıl, sistemli və məqsədyönlü şəkildə davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların başlıca məqsədi iqtisadi inkişafın nəticələrinin vətəndaşların gündəlik həyatında hiss olunması, əhalinin gəlirlərinin artırılması, sosial təminatın gücləndirilməsi və hər bir vətəndaşın rifahının yüksəldilməsidir. Bu istiqamətdə dövlət başçısı tərəfindən imzalanan çoxsaylı fərman və sərəncamlar sosial müdafiə sisteminin təkmilləşdirilməsində mühüm rol oynayır.
RİH-in başçısı 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının əhəmiyyətindən danışıb.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, əkin torpağı ilə təmin olunma və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.







