Neftçala Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar görüşünü Haqverdili və Yeniqışlaq kəndlərinin sakinləri ilə keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Haqverdili və Yeniqışlaq kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Azərbaycanda uşaqların hüquq və mənafelərinin müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindəndir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının təmin edilməsi, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, eləcə də onların zorakılığın, ayrı-seçkiliyin və istismarın bütün formalarından qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uşaq hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 15 aprel 2026-cı il tarixində “Uşaq hüquqları haqqında” yeni Qanunun təsdiq edilməsi bu sahədə hüquqi təminatların gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycanın dövlət uşaq siyasətinin formalaşması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələrində uşaqlara qayğı, onların sağlam vətəndaş kimi yetişməsi, təhsil alması, mənəvi və intellektual inkişafı mühüm yer tutub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən hüquqi və institusional tədbirlər uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin formalaşmasına və bu istiqamətdə dövlət siyasətinin möhkəmlənməsinə zəmin yaradıb. Ulu Öndər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq davam etdirilir. Uşaqların hüquqlarının qorunması, onların sosial rifahının yüksəldilməsi, ailə mühitində böyüməsi, təhsil və səhiyyə xidmətlərindən yararlanması, habelə xüsusi qayğıya ehtiyacı olan uşaqların müdafiəsi istiqamətində mühüm hüquqi və təşkilati tədbirlər həyata keçirilir.
RİH-nin başçısı bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” bu sahədə uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Strategiyada uşaq hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, erkən uşaqlıq dövründə inkişafın dəstəklənməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, sağlam mühitdə böyümələrinin təmin edilməsi, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dair monitorinq və qiymətləndirmə sisteminin inkişafı nəzərdə tutulur.
RİH-nin başçısı vurğulayıb ki, uşaq hüquqlarının qorunması və uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusidir. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr uşaqların təhsil imkanlarının genişləndirilməsinə, sağlamlığının qorunmasına, sosial qayğıya ehtiyacı olan uşaqların dəstəklənməsinə və onların cəmiyyətə inteqrasiyasına yönəlib. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial müdafiə və humanitar sahələrdə həyata keçirdiyi təşəbbüslər uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına, onların potensialının üzə çıxarılmasına və hər bir uşağın fərdi imkanlarının inkişaf etdirilməsinə töhfə verir. Xüsusilə valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının göstərilməsi bu fəaliyyətin mühüm istiqamətlərindəndir.
RİH-in başçısı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən avtobus çətinliyi, işlə təmin olunma, kənddaxili yolun təmiri, maddi köməklik, kəndin mavi yanacaqla təmin olunması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.







