Neftçala Rayon İcra Hakimiyyətinin başçısı “Könüllülük Akademiyası” layihəsinin iştirakçıları ilə görüşüb
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü, təşkilatçılığı ilə 09–12 fevral 2026-cı il tarixlərində Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində düşərgə təşkil edilib.
Düşərgədə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 15 “Gənclər evi” sosial xidmət müəssisəsinin könüllülərindən ibarət 50 nəfərlik heyət iştirak edib.
10 fevral 2026-cı il tarixində Neftçala Olimpiya İdman Kompleksində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov layihə iştirakçıları ilə görüşüb.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin məsul şəxsləri və gənc könüllülər iştirak ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, gənclərin cəmiyyətin inkişafında aparıcı qüvvə olduğunu vurğulayıb. O, bildirib ki, gənclərə göstərilən dövlət dəstəyi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət və gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkədə gənclərin təhsili, sosial müdafiəsi, məşğulluğu, ictimai fəallığının artırılması, həmçinin könüllülük hərəkatının genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. RİH-in başçısı qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərin hərtərəfli inkişafına, onların intellektual, mənəvi potensialının artırılmasına göstərdiyi diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır.
RİH-in başçısı bildirib ki, könüllülük fəaliyyəti gənclərdə məsuliyyət, vətənpərvərlik, liderlik, sosial həmrəylik, ünsiyyət və komanda ilə işləmək bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Müasir dövrdə gənclərin sosial aktivliyinin artırılmasının, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsinin və vaxtın səmərəli idarə olunmasının xüsusi əhəmiyyətini diqqətə çatdırıb, gənclərin süni intellekt və rəqəmsal texnologiyalardan düzgün, məqsədyönlü istifadə bacarıqlarının formalaşdırılmasının, rəqəmsal savadlılığın artırılmasının, həmçinin peşə təhsilinin inkişafının gələcək əmək bazarına uyğun kadr hazırlığında mühüm rol oynadığını vurğulayıb. O, gənclərin xaricdə təhsil dövlət proqramları çərçivəsində bilik və bacarıqlarını artırmalarının ölkənin insan kapitalının gücləndirilməsinə xidmət etdiyini bildirib. Eyni zamanda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində gənclərin fəal iştirakının vacibliyini qeyd edərək, onların cəmiyyəti düşündürən sosial, iqtisadi və ictimai məsələlərə həssas yanaşmalarını yüksək qiymətləndirib. Neftçala rayonunda gənclərin təşəbbüslərinin daim dəstəkləndiyini, bu kimi düşərgə və layihələrin gənclərin bilik, bacarıq və dünyagörüşünün inkişafına mühüm töhfə verdiyini bildirib.
RİH-in başçısı, “Könüllülük Akademiyası” layihəsinin Neftçala rayonunda təşkil olunduğu üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, eləcə də gənclərə göstərdikləri fəallığa görə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər evi ilə iş sektorunun müdiri Kənan Əliyev çıxış edərək “Könüllülük Akademiyası” düşərgəsinin məqsəd və vəzifələri, könüllülərin inkişafına yönəlmiş təlim proqramları və gələcək perspektivlər barədə məlumat verib.
Görüşdə könüllüləri maraqlandıran suallar cavablandırılıb, fikir və təkliflər səsləndirilib, qarşılıqlı müzakirələr aparılıb, sonda isə xatirə fotosu çəkilib.
Qeyd edək ki, tədbirin əsas məqsədi gənclərin şəxsi inkişafına dəstək göstərmək, onların ictimai fəallığını artırmaq, sosial bacarıqlarını gücləndirmək və könüllülük fəaliyyətinin cəmiyyətdə rolunu daha da möhkəmləndirməkdir.







