Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Astanlı kəndinin sakinləri ilə səyyar görüş keçirib

19 dekabr 2024 | 18:05

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Astanlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.


Çıxış edənlər “Ulu Öndər Heydər Əliyevin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Çıxışçılar Ulu Öndərin öz həyatını doğma xalqına həsr etməsindən, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edən dahi şəxsiyyətin cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Ulu Öndər siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin xalqımız üçün tarixi, əzəli torpaqlarımızın 44 günlük Vətən müharibəsi azad etməsi haqqında iştirakçılara geniş məlumat veriblər.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki, xalqın təkidi ilə Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Həmin dövrdə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etdi, iqtisadiyyat iflasa uğradı, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatdı. Dahi lider az qala siyasi xəritədən silinəcək  ölkəmizi siyasi fırtınaların cəngindən alaraq, onun strateji mövqelərini bərpa etdi, sabit ölkəyə çevirdi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında dayanan problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş verən sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bu gün  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düzgün siyasi qərarları nəticəsində Qafqazda həmçinin dünya ölkələri arasında xüsusi yerini vurğulayıb və dünya liderlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevə olan sonsuz rəğbətlərinin artması haqqında danışıb.

RİH-in başçısı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Xalq və dövlət birliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu və xalqımız bir daha sübut etdiki öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.


Səyyar qəbul zamanı vətəndaşlar kənddaxili yolların təmir olunması, kollektorun təmizlənməsi və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər