Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Aşağı Surra kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib
10 mart 2023 | 15:22
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Aşağı Surra İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Aşağı Surra kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Milli mənəvi dəyərlərin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Ulu Öndərin milli-tarixi yaddaşın bərpasına xüsusi önəm verdiyini, mədəniyyətimizi, mənəvi dəyərlərimizi milli varlığımızın, azərbaycançılıq ideologiyasının bir hissəsi kimi dəyərləndirdiyini, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi kimi tarixi vəzifəni məhz Ümummilli Lider Heydər Əliyevin həyata keçirməsi haqqında görüş iştirakçılarını məlumatlandırıblar.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı milli-mənəvi dəyərlərimizin formalaşmasında İslam dininin rolundan, onun xalqımızın mənəviyyatına, dünyagörüşünə böyük təsir göstərdiyini, ölkəmizdə vətəndaş həmrəyliyinin yaranmasında xüsusi əhəmiyyət daşıdığını bildirib. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu din siyasəti nəticəsində İslami dəyərlərə, ibadət yerlərinə və din xadimlərinə qayğı artırılıb, dövlət ilə din arasında qarşılıqlı əməkdaşlıq gücləndirilərək Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli yaranıb. Dövlət-din siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyi, milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması və təbliği istiqamətində uğurlu işlərin görüldüyü diqqətə çatdırıb. Milli-mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük, tolerantlıq mühiti formalaşıb. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda və Aşağı Surra kəndinə aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, daxili yolların təmiri, su bulaqlarının sayının artırılması, özünəməşğulluq fəaliyyəti, ərazidə su qülləsinin inşaası və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.