Neftçala Rayon İcra Hakimiyyətində "Təhsil müəssisələrində şagirdlərin davranış qaydaları, təhlükəsiz mühitin qorunması, təhsildən yayınma, baş verən neqativ hallara qarşı aparılan mübarizə" mövzularında tədbir keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti və Neftçala Rayon Polis Şöbəsinin birgə təşkilatçılıqları ilə "Təhsil müəssisələrində şagirdlərin davranış qaydaları, təhlükəsiz mühitin qorunması, təhsildən yayınma, baş verən neqativ hallara qarşı aparılan mübarizə" mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Neftçala Rayon İcra Hakimiyyətinin və Neftçala Rayon Polis Şöbəsinin məsul şəxsləri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala Rayon Təhsil sektorunun və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun rəhbərləri, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, veteran təhsil işçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov tədbir iştirakçılarını salamlayaraq, mövzunun əhəmiyyətindən danışıb və qeyd edib ki, sağlam və savadlı gəncliyin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Məktəblərdə təhlükəsiz mühitin qorunması, şagirdlərin intizamlı davranışı, onların məsuliyyət hissinin artırılması, təhsildən yayınma hallarının qarşısının alınması, həmçinin zərərli vərdişlərdən uzaq tutulması üçün bütün aidiyyəti qurumların, müəllimlərin və valideynlərin üzərinə mühüm vəzifələr düşür.
Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov çıxışında qeyd etdi ki, Rayon Polis Şöbəsi tərəfindən rayonun təhsil müəssisələrində keçirilən maarifləndirici xarakterli çoxsayılı tədbirlər xüsusilə qeyd edilməlidir. Erkən nikah, təhsildən yayınma, məktəblərdə təhlükəsiz mühitin qorunması sahələrində, gənclərin zərərli vərdişlərdən uzaq tutulması, bundan daha ciddi sayılan narkotik təhlükəsinin qarşısını almaqdan ötrü polis səylərini gündən-günə artırır. Bu işlər polisin yalnız maarifləndirmə tədbirləri ilə məhdudlaşmır, eyni zamanda inzibati-hüquqi işlər də aparılır. Qeyd olunub ki, hər zaman prioritet məsələlərdən olan uşaq hüquqlarının müdafiəsi, gənc nəslin düzgün yetişdirilməsi sahəsində polis tərəfindən xüsusi diqqət yetirilir və aidiyyəti qurumlarla, o cümlədən Rayon İcra Hakimiyyəti ilə bu sahədə sıx əməkdaşlıq və birgə fəaliyyət həyata keçirilir.
Çıxış edən digər natiqlər Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Rayon Təhsil Sektorunun müdiri Nicat Cəfərov, Rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, Neftçala şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Şəfəq Balaşova, Xıllı qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Rəhim İmanov, Kürkənd kənd ümumi orta ümumtəhsil məktəbinin psixoloqu Aytən Qardiyeva, veteran təhsil işçisi, Rayon Ağsaqqallar Şurasının üzvü Şakir Bəşirov qeyd ediblər ki, yeniyetmələrin düzgün istiqamətləndirilməsi, məktəb-ailə-icma əməkdaşlığının gücləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və sağlam həyat tərzinə təşviqi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev ölkədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təkilini, onların milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin artırılması məsələlərini hər zaman diqqətdə saxlayıb. Hazırda bu siyasət ölkə başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində uğurla davam etdirilir.
Tədbirdə təhsil müəssisələrində neqativ halların qarşısının alınması məqsədilə mütəmadi maarifləndirici tədbirlərin keçirilməsi, şagirdlərin sosial məsuliyyətinin artırılması və onların gələcəkdə cəmiyyətin layiqli vətəndaşları kimi yetişməsinə töhfə verməsinin vacibliyi vurğulanıb, bütün bu istiqamətlərdə görülən işlərin gənc nəslin hərtərəfli inkişafına, sağlam düşüncəli və vətənpərvər vətəndaşlar kimi formalaşmasına xidmət etdiyi və ölkəmizin gələcək tərəqqisinin təminatında mühüm rol oynadığı diqqətə çatdırılıb.







