Neftçala Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə verilən tapşırıqların icrasına dair iclas keçirilib
Neftçala Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə verilən tapşırıqların icrasına dair iclas keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, aqrar sahədə çalışan mütəxəssislər və yerli fermerlər iştirak ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, Prezident İlham Əliyevin aqrar sahəyə xüsusi diqqəti və qayğısı nəticəsində Neftçala rayonu respublikada aqrar potensialı yüksək olan bölgələrdən birinə çevrilib. Qeyd olunub ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması və fermerlərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda rayonda əkinə yararlı torpaq sahələrində taxıl biçini davam etdirilir. Fermerlərə məxsus sahələr zəruri kənd təsərrüfatı texnikaları ilə təmin olunub. Kənd təsərrüfatı texnikasına ehtiyacı olan sahələr xüsusi nəzarətlə təmin olunmaqdadır. Neftçala rayon ərazisində fəaliyyət göstərən pambıq şirkətləri tərəfindən fermerlərlə bağlanmış müqavilələr əsasında müvafiq işlər həyata keçirilir. Fermerlər rayonun su balansına uyğun olaraq növbəlilik qaydasında əkin sahələrinin suvarılmasını təmin edirlər. Bundan əlavə müxtəlif kənd təsərrüfatı məhsulları da becərilir. Yığılan məhsulların itkisiz saxlanılması üçün rayon ərazisində bütün müvafiq tədbirlər həyata keçirilir.
İcra başçısı qeyd edib ki, bununla yanaşı, aqrar sahədə daha dinamik inkişafa nail olmaq məqsədi ilə yeni effektiv idarə üsullarından istifadə genişlənməli, süni intellektin bu sahədə olan yeni alətləri araşdırılmalı, eyni zamanda su ehtiyatlarından səmərəli istifadə ciddi təhlil olunmalıdır. Bu çatışmazlıqların aradan qaldırılması və qarşıya qoyulan vəzifələrin vaxtında icrasına birgə əmək fəaliyyəti ilə nail olmaq mümkündür. Həmçinin, aqrar sahənin resurs təminatının gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil, elm və innovasiya sahələrinin inkişaf etdirilməsi, aqrar-emal və logistika infrastrukturunun genişləndirilməsi, subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsallaşma təşəbbüslərinin dəstəklənməsi, habelə balıqçılıq və akvakultura sahəsində institusional və istehsal potensialının artırılması istiqamətində Dövlət Proqramında qarşıya qoyulan tədbirlər barədə ətraflı məlumat verildi.
Yığıncaqda yerli fermerlərin və mütəxəssislərin çıxışları dinlənilib. Müşavirədə çıxış edən fermerlər əkin sahələrindən yüksək məhsuldarlığın əldə olunması istiqamətində torpaq analizlərinin ətraflı təhlil olunaraq Neftçala rayonuna uyğun mineral gübrələrin lazımi səviyyədə verilməsini, vahid əkin atında torpaq sahələrində ərzaqlıq buğda toxumunun əkilməsini, əkin sahələrinə verilən suyun torpaqdan filtirasiya edilməsi ilə bağlı mövcud drenaj kanalların qazılmasını, pambığın vegetasiya suyunun vaxtında verilməsini, sığorta olunmuş əkin sahələrinə dəymiş ziyanın vaxtında və düzgün hesablanmasını, EKTİS-də fermerlərin yüksək məhsuldarlıq əldə etmək üçün əlavə ödənişlər mexanizminin tətbiq olunmasını və bu istiqamətdə zəruri tədbirlərin görülməsini diqqətə çatdıraraq təklif və fikirlərini ətraflı şəkildə ifadə etdilər. Müşavirədə fermerlərin təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlar verildi.







