Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Qırmızıkənd kəndinin sakinlərilə keçirib

29 yanvar 2026 | 09:26

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Qırmızıkənd kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Qırmızıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Azərbaycanın dayanıqlı inkişaf strategiyasının reallaşmasında aqrar sahənin rolu” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın dayanıqlı inkişaf strategiyasının formalaşmasında və reallaşmasında aqrar sahə mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik və iqtisadi inkişaf siyasətində kənd təsərrüfatının inkişafına xüsusi önəm verilib. Bu strateji xətt Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək aqrar sektor dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Aqrar sahədə aparılan ardıcıl islahatlar, fermerlərə göstərilən dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi ərzaq təhlükəsizliyinin təmin olunmasına, regionların sosial-iqtisadi inkişafına və ölkənin dayanıqlı inkişaf məqsədlərinə çatmasına mühüm töhfə verir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri aqrar sahənin davamlı və səmərəli inkişafının təmin edilməsidir. Kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, regionların sosial-iqtisadi baxımdan tarazlı inkişafında, eyni zamanda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm strateji əhəmiyyətə malikdir. Aqrar sektorun inkişafı kənd yerlərində yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, kənddən şəhərə miqrasiyanın qarşısının alınmasına və kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına geniş imkanlar yaradır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə olduğu kimi, aqrar sektorda da sistemli və məqsədyönlü islahatlara start verilib. Həyata keçirilən torpaq və aqrar islahatlar nəticəsində kənd təsərrüfatında mülkiyyət münasibətləri formalaşdırılıb, torpaq kəndlilərin istifadəsinə verilib, istehsalın bərpası təmin olunub və bazar iqtisadiyyatına keçid sürətlənib. Bu islahatlar aqrar sahədə sahibkarlığın inkişafına, fermer təsərrüfatlarının yaranmasına və kənd təsərrüfatı məhsullarının istehsalında artıma səbəb olub. Aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və bu sahəyə xüsusi diqqət yetirilib.
RİH-in başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən strateji inkişaf xətti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafına yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilərək icra olunub, fermerlərə göstərilən dövlət dəstəyi daha da gücləndirilib, subsidiyalar və güzəştli kredit mexanizmləri tətbiq edilib. Bununla yanaşı, aqroparklar yaradılıb, müasir suvarma sistemləri və qabaqcıl texnologiyalar kənd təsərrüfatına geniş şəkildə tətbiq olunub. Görülən bu kompleks tədbirlər aqrar sektorun dayanıqlı inkişafını təmin etməklə yanaşı, ölkənin ümumi sosial-iqtisadi inkişafında mühüm rol oynayıb və kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradıb.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən elektrik təsərrüfatının yenilənməsi, drenaj kanallarının lildən təmizlənməsi, kənddaxili yollaırn təmiri, əlillik dərəcəsinin verilməsinə köməklik, kəndin əkin sahələrində yeni suvarma texnologiyalarından istifadə edilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Keçidlər