Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Qaçaqkənd kəndinin sakinləri ilə keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Qaçaqkənd kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Azərbaycan ekoloji tarazlıq və ətraf mühitin qorunmasına mühüm töhfələr verir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, ətraf mühitin qorunması müasir dövrün prioritet məsələlərindən biridir. Azərbaycan bu sahədə ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirir. Müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ətraf mühitin mühafizəsinə dair mühüm qanunvericilik bazası formalaşdırılıb, ekoloji layihələr və dövlət proqramları icra olunub. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə yaşıllıqların artırılması, biomüxtəlifliyin qorunması, su ehtiyatlarından səmərəli istifadə və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan ətraf mühitin qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi və ekoloji tarazlığın təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətlə qlobal ekoloji gündəliyə əhəmiyyətli töhfələr verir. Son illərdə ölkədə yaşıllaşdırma kampaniyalarının genişləndirilməsi, su və meşə ehtiyatlarının qorunması, milli parkların inkişafı və ekoloji maarifləndirmə layihələrinin həyata keçirilməsi bu sahədə əldə olunan uğurların əsas göstəricilərindəndir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilən inkişaf strategiyasında təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə xüsusi yer tuturdu. Onun təşəbbüsü ilə ölkədə ekoloji təhlükəsizliyin təmin olunmasına yönələn mühüm dövlət proqramlarının əsası qoyulub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən ekoloji siyasət nəticəsində Azərbaycanın yaşıl inkişaf gündəliyi daha da genişlənib, ölkəmiz iqlim dəyişikliklərinə qarşı mübarizədə və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində fəal iştirakçıya çevrilib.
RİH-in başçısı qeyd edib ki, ətraf mühitin qorunması sahəsində mühüm təşəbbüslərdən biri də IDEA İctimai Birliyi tərəfindən həyata keçirilir. 2011-ci ildə fəaliyyətə başlayan təşkilatın əsas məqsədi ekoloji maarifləndirmənin gücləndirilməsi, gənclərin ətraf mühitin mühafizəsinə cəlb olunması və biomüxtəlifliyin qorunmasına dəstək verməkdir. Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr, o cümlədən ağacəkmə aksiyaları, “Yaşıl Marafon”, heyvanların mühafizəsi və ekoloji maarifləndirmə kampaniyaları ölkədə və beynəlxalq səviyyədə böyük əhəmiyyət kəsb edir. IDEA-nın təşəbbüsü ilə həyata keçirilən layihələr ətraf mühitin qorunmasına və cəmiyyətin ekoloji məsuliyyətinin artırılmasına mühüm töhfə verir. Azərbaycan bundan sonra da ekoloji tarazlığın qorunması, yaşıl iqtisadiyyatın inkişafı və gələcək nəsillər üçün sağlam ətraf mühitin təmin olunması istiqamətində səylərini davam etdirəcəkdir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-in başçısı Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.







