Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Neftçala şəhər sakinləri ilə keçirib

10 aprel 2026 | 11:50

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala şəhər sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, şəhərin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və şəhər ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Çıxış edən natiqlər “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ölkəmizin dayanıqlı inkişafının parlaq təzahürüdür” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bölgədə müasir infrastrukturun yaradılması, yol-nəqliyyat şəbəkəsinin yenidən qurulması, enerji təminatının gücləndirilməsi və “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi sürətlə davam etdirilir. Eyni zamanda, sosial obyektlərin – məktəblərin, xəstəxanaların, mədəniyyət və ictimai xidmət müəssisələrinin inşası əhalinin rahat və təhlükəsiz yaşayışının təmin olunmasına xidmət edir. Bölgədə iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin yaradılması və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkəmizin iqtisadi, sosial və mədəni dirçəlişinin parlaq təzahürüdür. Bu proses, eyni zamanda, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gələcək nəsillər üçün firavan həyat şəraitinin yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir. RİH-in başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün uğurla davam etdirilir. Onun müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənib, iqtisadi potensialı gücləndirilib və beynəlxalq nüfuzu artıb. Məhz bu möhkəm təməl üzərində qurulan müasir inkişaf modeli işğaldan azad olunan ərazilərin bərpasında da özünü aydın şəkildə göstərir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində azad edilən torpaqlarda müasir infrastruktur layihələri icra olunur, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir, ekoloji tarazlıq qorunmaqla innovativ yanaşmalar əsas götürülür. Bu ərazilərdə aparılan quruculuq işləri yalnız fiziki bərpa ilə məhdudlaşmır, eyni zamanda sosial rifahın yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin doğma yurdlarına qayıdışına xidmət edir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən işlər xüsusi vurğulanmalıdır. Bu istiqamətdə həyata keçirilən layihələr milli memarlıq ənənələrinin qorunması ilə yanaşı, müasir urbanizasiya prinsiplərinin tətbiqini də təmin edir. Yeni salınan yaşayış məntəqələri, inzibati binalar, sosial obyektlər və nəqliyyat infrastrukturu Azərbaycanın gələcək inkişaf modelinin nümunəsi kimi çıxış edir.   Bütün bu tədbirlər ölkəmizin davamlı inkişaf strategiyasının uğurla reallaşdırıldığını bir daha təsdiqləyir və Azərbaycanın regionda lider mövqeyini daha da möhkəmləndirir.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən məhəllə daxili yolun təmiri, sosial yardım, elektrik təsərrüfatının yenilənməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Keçidlər