Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Beştalı kəndinin sakinlərilə keçirib

02 iyul 2026 | 11:47

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Beştalı kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Beştalı kəndində şəhid Milli Qəhrəman Xanoğlan Sadıq oğlu Məmmədovun xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Prezident İlham Əliyevin müəyyən etdiyi aqrar sektorun yeni inkişaf modeli regionların sosial-iqtisadi inkişafını sürətləndirəcəkdir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində aqrar sektor ölkənin qeyri-neft iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib. Dövlət başçısının müəyyən etdiyi yeni inkişaf modeli kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, innovativ idarəetmə mexanizmlərinin genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.

 Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasında aqrar sektorun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu strateji xəttin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə isə müasir dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyev ölkədə siyasi və iqtisadi sabitliyin bərpası ilə yanaşı, kənd təsərrüfatının dirçəldilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, torpaq islahatlarının uğurla reallaşdırılması, torpaqların kəndlilərə verilməsi, sahibkarlığın inkişafı üçün hüquqi bazanın yaradılması aqrar sahənin inkişafına güclü təkan verib. Məhz həmin islahatlar nəticəsində Azərbaycanda müasir aqrar inkişaf modelinin təməli formalaşdırılıb.

RİH-nin başçısı bildirib ki, Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirərək aqrar sektorda genişmiqyaslı islahatların həyata keçirilməsini təmin edib. Dövlət başçısının müəyyən etdiyi yeni inkişaf modeli kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, ixrac potensialının genişləndirilməsinə və regionlarda məşğulluğun yüksəldilməsinə xidmət edir. Son illərdə aqrar sahədə tətbiq olunan innovativ texnologiyalar, rəqəmsal idarəetmə mexanizmləri, subsidiya sisteminin təkmilləşdirilməsi, fermerlərə göstərilən dövlət dəstəyi və aqroparkların yaradılması kənd təsərrüfatının məhsuldarlığını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda suvarma sistemlərinin yenilənməsi, meliorasiya layihələrinin həyata keçirilməsi və kənd infrastrukturunun müasirləşdirilməsi regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verib.

İşğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində aqrar sektorun inkişafı da xüsusi yer tutur. Müasir kənd təsərrüfatı infrastrukturu yaradılır, "ağıllı kənd" və innovativ təsərrüfat modelləri tətbiq olunur ki, bu da həmin ərazilərin iqtisadi potensialının reallaşdırılmasına şərait yaradır. Prezident cənab İlham Əliyevin müəyyən etdiyi aqrar sektorun yeni inkişaf modeli regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, kənd əhalisinin rifahının yüksəldilməsinə, qeyri-neft sektorunun davamlı inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu siyasət Azərbaycanın dayanıqlı iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla, gələcək illərdə də aqrar sahənin modernləşdirilməsi və beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm nəticələrin əldə olunmasına zəmin yaradır.

 RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən özünəməşğulluq aktivləri, örüş və kənd təsərrüfatı təyinatlı torpaqla təmin olunma, əkin torpaq sahəsinin müəyyən edilməsinə köməklik göstərilməsi, işsizlik, şəhid ailəsinin mənzil təminatı və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Keçidlər