Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü 2 nömrəli Mayak kəndinin sakinlərilə keçirib

25 iyun 2026 | 10:04

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun 2 nömrəli Mayak kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Azərbaycanda innovativ dövlət idarəçilik texnologiyalarının tətbiqi səmərəli dövlət qulluğu sisteminin formalaşdırılmasını şərtləndirmişdir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanda innovativ dövlət idarəçiliyi texnologiyalarının tətbiqi dövlət qulluğu sisteminin daha səmərəli, şəffaf və vətəndaşyönümlü şəkildə formalaşdırılmasına mühüm töhfə verib. Son illərdə rəqəmsal transformasiya, elektron xidmətlərin genişləndirilməsi və innovativ idarəetmə mexanizmlərinin tətbiqi dövlət orqanlarının fəaliyyətinin optimallaşdırılmasına, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına şərait yaradıb. Bu istiqamətdə həyata keçirilən islahatlar dövlət xidmətlərinin əlçatanlığını genişləndirməklə yanaşı, idarəetmə proseslərində operativliyin və effektivliyin artırılmasına xidmət edir. Müasir texnologiyalara əsaslanan həllərin tətbiqi dövlət qulluğunda şəffaflığın gücləndirilməsi, insan resurslarının daha səmərəli idarə olunması və innovativ idarəçilik mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətli nəticələr verib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasında dövlət idarəçiliyi sisteminin müasirləşdirilməsi və innovativ texnologiyaların tətbiqi nəticəsində vətəndaşyönümlü, şəffaf və səmərəli dövlət qulluğu sistemi formalaşıb. Bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar dayanır. Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyinin peşəkarlıq, qanunun aliliyi və vətəndaşlara xidmət prinsipləri əsasında qurulmasını ölkənin inkişafının əsas şərtlərindən biri kimi müəyyən edib. Məhz onun rəhbərliyi dövründə müasir dövlət idarəçiliyi institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlət qulluğunun hüquqi və institusional əsasları yaradılıb. Bu strateji xətt Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək dövlət idarəçiliyində rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi və elektron xidmətlərin genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib.

RİH-in başçı bildirib ki, dövlət xidmətlərinin əlçatanlığının artırılması, şəffaflığın təmin olunması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə həyata keçirilən islahatlar ölkəmizdə müasir və çevik dövlət qulluğu sisteminin inkişafına güclü təkan verib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsallaşma siyasəti nəticəsində dövlət orqanlarının fəaliyyətində operativlik və səmərəlilik əhəmiyyətli dərəcədə artıb, innovativ həllər dövlət-vətəndaş münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə şərait yaradıb.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən işsizlik, kəndin mavi yanacaqla təmin olunması, kənddaxili yolun təmiri, körpələr evi-uşaq bağçasının açılması, torpaqla təmin olunma və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Keçidlər