Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü 1-ci Mayak və Sübh kəndlərinin sakinlərilə keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun 1-ci Mayak və Sübh kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Xalqımızın azadlığı və istiqlaliyyətinə aparan yol” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il keçir. Bu faciə yaddaşımıza əbədi həkk olunub. Xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı məhz 1990-cı ilin 20 Yanvarında qoyuldu. Bu faciə xalqımıza qarşı məqsədli şəkildə törədilən, onu susmağa və qorxutmağa yönələn ən böyük və ən dəhşətli cinayətlərdən biridir. Keçmiş SSRİ-nin və Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir əsası olmayan bəhanələrlə bu faciəni ört-basdır etməyə çalışır, günahı yerli əhalinin üzərinə qoymağa çalışırdılar. Lakin Ulu Öndər Heydər Əliyevin məsələyə müdaxiləsindən sonra əlləri günahsız insanların qanına batanların xəbis niyyətləri ürəklərində qaldı.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının yaddaşına faciə, eyni zamanda milli iradənin, azadlıq və istiqlaliyyət uğrunda mübarizənin rəmzi kimi həkk olunub. Həmin gecə keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən hərbi birləşmələr dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdilər. Faciənin törədildiyi günlərdə xalqın informasiya blokadasına alınmasına baxmayaraq, Azərbaycan xalqı sarsılmaz iradə nümayiş etdirib, azadlıq və müstəqillik yolundan dönməyib. 20 Yanvar şəhidlərinin qanı xalqımızın milli oyanışını daha da gücləndirdi, müstəqil dövlət qurmaq əzmini möhkəmləndirdi.
RİH-in başçısı bildirib ki, 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edən Ümummilli Lider Heydər Əliyev bu qanlı əməliyyatı qətiyyətlə pisləyib, Sovet rəhbərliyinin məsuliyyət daşıdığını bəyan edib. Ulu Öndərin rəhbərliyi ilə bu faciəyə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verilib, 20 Yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilib.
Bu gün 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin zirvə nöqtələrindən biri kimi qiymətləndirilir. Həmin hadisələr xalqımızın müstəqil dövlətə gedən yolunun başlanğıcı olub, milli istiqlaliyyət ideyasını geri dönməz edib. Şəhidlərin xatirəsi hər zaman ehtiramla anılır, onların göstərdiyi fədakarlıq gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürülür.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, işlə təmin olunma, kəndin mavi yanacaqla təmin edilməsi, dayanacaqların quraşdırılması, odunla təminat və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.







