Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində maarifləndirici tədbir keçirili
04 iyul 2022 | 09:34
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2022-ci il üçün tərtib edilmiş İş Planı və 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı Neftçala rayon Heydər Əliyev Mərkəzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkotiki yox, sağlam həyatı seç” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların, həmçinin müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə bu gün ümumbəşəri bəla hesab edilən və haqlı olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən qanun və dövlət proqramları, həmçinin, müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində dövlət siyasətindən ətraflı bəhs edilib, geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən natiqlər aparılan təbliğat, maarifləndirmə işlərinin əhəmiyyətini xüsusi vurğulayaraq bu sahədə əldə edilən uğurlu nəticələri nümunə göstəriblər. Tədbir iştirakçılarının ümumi qənaəti ondan ibarət olub ki, ayrı-ayrı dövlət strukturları, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin birgə fəaliyyəti nəticəsində bu ümumbəşəri bəlanın yayılmasının və kütləvi hal almasının qarşısını almaq mümkündür. Faydalı fikir mübadiləsi şəraitində keçən tədbirdə sonda təbliğat xarakterli videoçarxlar da nümayiş etdirilib.