“Narkomaniya ağ ölümdür” adlı növbəti maarifləndirici görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2023-cü il üçün tərtib edilən İş Planına uyğun olaraq Neftçala şəhəri Humanitar təmayüllü “Muğan” liseyində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkomaniya ağ ölümdür” adlı növbəti maarifləndirici görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin məsul şəxsləri və şagirdlər iştirak edib.
Görüşdə ilk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə mövzu ətrafında çıxış edənlər bu gün Azərbaycan Respublikasında narkomanlıqla mübarizə sahəsində həyata keçirilən Dövlət siyasətindən ətraflı bəhs edərək, qarşıda duran vəzifələr, “Ağ ölüm” hesab edilən narkomanlıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində əldə edilən müsbət nəticələr barədə məlumatlandırılan məktəblilərin bu kimi hallarla qarşılaşdıqları zaman necə davranmalı olduqları nəzərlərinə çatdırılıb.
Görüş zamanı şagirdlər mövzu barədə onları maraqlandıran suallara cavab tapıblar. Tədbirdə narkotik asılılıqdan əziyyət çəkənlərin həyatından bəhs edən videoçarxlar nümayiş etdirilərək uşaqlarda narkotiklərin insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə əyani təsəvvürlər yaradılıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutan tədbir yeniyetmə və gənclərin maarifləndirilməsi baxımından əhəmiyyətli hesab edilib.