“Müasir dövrdə ailə dəyərlərinin qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib
14 may 2026-cı il tarixində Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə Neftçala rayon Peşə məktəbi Publik Hüquqi Şəxsində “Müasir dövrdə ailə dəyərlərinin qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Neftçala rayon Peşə məktəbi PHŞ-nin rəhbərliyi, psixoloqlar, tələbələr və valideynlər iştirak ediblər.
Çıxışlar zamanı ailə institutunun cəmiyyətin əsas dayaqlarından biri olduğu vurğulanıb, milli-mənəvi dəyərlərin qorunması, sağlam ailə münasibətlərinin formalaşdırılması və ailədaxili qarşılıqlı hörmətin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, qloballaşan dünyada ailə dəyərlərinin qorunması, gənclərin sağlam mənəvi mühitdə yetişdirilməsi və məsuliyyətli ailə modelinin təşviqi xüsusi önəm daşıyır.
Eyni zamanda, ailədaxili münasibətlərdə qarşılıqlı anlayışın, valideyn məsuliyyətinin və uşaqların düzgün tərbiyəsinin cəmiyyətin sağlam inkişafına mühüm təsir göstərdiyi qeyd olunub. Çıxış edənlər ailə dəyərlərinin təbliği istiqamətində maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbir çərçivəsində iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
#Ailəmizəngüclüdəyərimizdir







