Neftçalada Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Milli Mətbuatın yaranmasının 150 illiyi və Mətbuat işçilərinin peşə bayramı münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin və "Gündoğar" rayon qəzetinin birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ”Gündoğar” rayon qəzetinin, uzun müddət jurnalistika sahəsində çalışmış veteran mətbuat işçiləri, ziyalılar, şairlər, yazarlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olan hərbi qulluqçuların, dünyasını dəyişən mətbuat işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbir Azərbaycan mətbuatının tarixi və inkişafını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov iştirakçılara Neftçala Rayon İcra Hakimiyyəti başçısının təbriklərini çatdıraraq Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edib, ölkəmizdə mətbuatın keçdiyi şərəfli inkişaf yolundan söz açıb. O qeyd edib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsası qoyulub. Bu, təkcə mətbuat tariximizin deyil, həm də milli düşüncə və maarifçiliyin mühüm təməl nöqtəsi hesab olunur.
Bildirildi ki, bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi dövlət səviyyəsində geniş və xüsusi şəkildə qeyd olunur. Prezident cənab İlham Əliyevin bu əlamətdar tarixin yüksək səviyyədə keçirilməsi ilə bağlı imzaladığı sərəncam mətbuat sahəsinə göstərilən yüksək diqqətin və dövlətin bu sahəyə verdiyi önəmin bariz nümunəsidir. Bu sərəncam yalnız medianın keçmişinə dəyər vermək deyil, həm də onun gələcək inkişafına stimul verən addımdır. Qeyd olundu ki, informasiya təhlükəsizliyinin və milli maraqların qorunmasında, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq informasiya müstəvisində mövqeyinin gücləndirilməsində mühüm platforma olan III Şuşa Qlobal Media Forumunda dünya ədalətin və səmimiyyətin vacib olduğunu Azərbaycan liderinin timsalında yenidən şahidlik etdi.
Ş.Məmmədov Neftçala rayonunda fəaliyyət göstərən “Gündoğar” qəzetinin də uzun illərdir bölgədə maarifləndirici, informativ və ictimai fikrə təsir göstərən bir mətbu orqan kimi fəal fəaliyyətini xüsusi qeyd edib, qəzetin rayonda ictimai-siyasi proseslərin işıqlandırılmasında, yerli idarəetmə və vətəndaş cəmiyyəti quruculuğunda mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər - “Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, tarixçi-araşdırmaçı Firdovsi Tağıyev, veteran jurnalist, şair-publisist Zabil Pərviz, Rayon Mərkəzi Kitabxanasının direktor müavini Gülxanım Abdulhüseynova, Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anası Filarə İsmayılova Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf mərhələlərindən, milli mətbuatın formalaşmasında ziyalıların, maarifçilərin və şəhid jurnalistlərin misilsiz rolundan bəhs ediblər. Onlar qeyd ediblər ki, bu gün mətbuat təkcə informasiya vasitəsi deyil, həm də ictimai nəzarətin və vətəndaş cəmiyyətinin mühüm dayağı kimi çıxış edir.
Natiqlər Azərbaycan mətbuatının formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın informasiya sahəsində müasir çağrışlara cavab verən, peşəkar, etik dəyərlərə sadiq medianın formalaşmasına dəstək göstərdiklərini bildiriblər.
Sonda rayonda mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs Neftçala Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunub.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.







