Neftçala rayonunda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar görüş keçirilib
Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda görüş keçirilib.
Görüşdə Neftçala RİH-in əməkdaşları, Neftçala RİHB-ın yerli inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüş zamanı çıxışçılar bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi tarixi rolu böyükdür. Onun rəhbərliyi altında hazırlanan və 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən yeni Konstitusiya, Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələni təşkil edir. Bu sənəd, müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarını qoyub və ölkənin demokratik inkişafına yönələn bir zəmin yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiya, Azərbaycanı hüquqi dövlət kimi tanıyan, insan hüquqlarını qoruyan və demokratik prinsiplərə əsaslanan bir sənəd oldu. Konstitusiya həmçinin, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təsbit edən əsas hüquqi norma kimi qəbul edilib. Bu sənəd, eyni zamanda, parlament, prezident və hökumət arasında qarşılıqlı əlaqələri müəyyən edərək, ölkənin demokratik inkişafı üçün hüquqi zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu Konstitusiya, həm də Azərbaycan xalqının müstəqil və azad yaşamaq hüququnu gücləndirən, ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini möhkəmləndirən bir addım oldu. Dahi Lider Konstitusiyanın qəbulunun müstəqil Azərbaycanın siyasi həyatında yeni bir dövrün başlanğıcı olduğunu vurğulayırdı.
Görüş mövzu ətrafında müzakirələrlə davam edib.