“Konstitusiya və Suverenlik İli” çərçivəsində Neftçala rayonunda fəaliyyət göstərən bələdiyyələrlə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkə ərazisində “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və veteranların iştirakı ilə geniş görüş keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhid ailələri, müharibə əlilləri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Neftçala RİHB-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Əmirov bildirib ki, bu il ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən “Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin, milli birliyimizin və hüquqi dövlət prinsipinin daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələdir. O vurğulayıb ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə – ordu və xalqın birliyinin nəticəsidir.
Çıxış zamanı qeyd olunub ki, Zəfərimizin 5 illiyində – Azərbaycanın dövlətçiliyi, ordumuzun gücü, xalqımızın həmrəyliyi və dövlətin əhaliyə sosial qayğısı daha da möhkəmlənib. Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılaraq bu istiqamətində dövlət səviyyəsində bir sıra mühüm addımlar atılıb.
Tədbirdə çıxış edən bələdiyyə sədrləri 2020-ci ildə qazanılan tarixi Zəfərin dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayıblar. Bələdiyyə sədrləri qeyd ediblər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən əldə olunan bu möhtəşəm Qələbə ölkəmizin suverenliyi və ərazi bütövlüyünü təmin etməklə xalqımızın yüz illərlə arzuladığı ədalətin bərpa edilməsidir.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və valideynləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.







