Kiberbullinq və gender əsaslı zorakılığın qarşısının alınması mövzusunda maarifləndirici tədbir keçirilib
Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Həsənabad qəsəbə Ş.Orucov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Kiberbullinq və gender əsaslı zorakılığın qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala Rayon Polis şöbəsinin məsul şəxsləri, İƏDN və bələdiyyə sədri, məktəbin rəhbərliyi, ərazidə yerləşən ümumtəhsil məktəblərinin müəllimləri, psixoloqlar, məktəblilər və valideynlər iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər müasir dövrdə informasiya texnologiyalarının geniş yayılması ilə yanaşı, internet mühitində baş verən kiberbullinq halları və gender əsaslı zorakılığın cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs ediblər. Bildirilib ki, bu kimi halların qarşısının alınmasında məktəb, ailə və cəmiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Şagirdlərə sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, şəxsi məlumatların qorunması, zorakılıq halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara müraciət etməyin vacibliyi barədə ətraflı məlumat verilib. Həmçinin, qeyd olunub ki, uşaqların və yeniyetmələrin təhlükəsiz mühitdə böyüməsi, onların hüquq və azadlıqlarının qorunması, həmçinin sağlam və təhlükəsiz inkişafının təmin edilməsi cəmiyyətin və dövlətin qarşısında duran əsas vəzifələrdən biridir.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







