Neftçala rayonunda “Konstitusiya və Suverenlik” ili çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında bilik müsabiqəsi keçirilib
29 aprel 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində rayonun İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, rayon ərazisində fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların komandaları arasında “Konstitusiya və Suverenlik” ili çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında bilik müsabiqəsi keçirilib. Yarışda Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayon gənclər və idman sektorunun, Neftçala rayon Təhsil sektorunun rəhbər heyəti və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışçılar -Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov yarışın məqsədi və əhəmiyyəti haqqında ətraflı məlumat verərək iştirakçılara uğurlar arzulayıblar.
Bilik yarışında hər birində beş üzv, ümumilikdə 135 nəfər olmaqla 27 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda I yerdə Neftçala Rayon Polis Şöbəsinin “Bütöv Azərbaycan” komandası, II yerdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “Boyat” komandası, III yerdə isə Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “Surralılar” komandası qərarlaşıb.
Qalib komandalar Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq olaraq diplom, medal və kubokla təltif olunublar.
Bütün iştirakçılara təşəkkürlərimizi bildirir, qalibləri isə təbrik edirik.