Neftçala rayonunda “Hüquqlarımızı bilək!” adlı maarifləndirmə görüşü keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımızı bilək!” adlı maarifləndirmə tədbiri keçirilib.
İlk öncə xalqımızın Ulu Öndəri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, müəllimlər, valideynlər, şagirdlər və eləcə də RİH-də həyata keçirilən könüllülük proqramı əsasında fəaliyyət göstərən gənclər iştirak ediblər.
Çıxışçılar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2023-cü ildə də may ayının 18-dən iyun ayının 18-nə kimi ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilməsini, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin ali məqsədi olduğunu qeyd edərək, Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də imzaladığı Sərəncamla təsdiq olunan Dövlət Proqramının bu sahədə ilk fundamental sənəd olduğunu, ölkəmizdə bu sahədə mühüm qanunvericilik və institusional islahatlar aparıldığını, Dövlət Proqramının sonrakı dövrdə Prezident cənab İlham Əliyev tərəfindən inkişaf etdirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Eyni zamanda insan və vətəndaş hüquq, azadlıqlarının qorunması, ona əməl edilməsi, uşaqların hüquq və vəzifələri barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.